Rusiya işğal edilmiş Krımın “qanuniləşdirilməsinə” istiqamətləndirilmiş səylərini fəallaşdırıb.

Sosialxəbər.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bu təxribatların müxtəlif formalarda həyata keçirildiyini deyib:

“Rusiya Krıma turist axını təşkil etməyə çalışır, orada istehsal olunan malların başqa ölkələrdə satışını təşkil edir və bu ölkəni Rusiya ərazisi kimi göstərən xəritələri müxtəlif ölkələrə göndərir. Azərbaycanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını alıb. Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz”.

Politoloq bu arada, Azərbaycanın işğal altındakı torpaqlarında Rusiya və erməni şirkətlərin həyata keçirdiyi qanunsuz fəaliyyətləri də qeyd edib:

“1. İşğal edilmiş Qarabağda telekommunikasiyasını fəal şəkildə inkişaf etdirən “MeqaFon” Rusiya mobil rabitə operatoru;

2. Erməni filialı olan “Armentel” şirkəti vasitəsilə separatçı Dağlıq Qarabağda mobil rabitə və internet xidmətləri göstərən Rusiyanın “Bilayn” (Beeline) şirkəti;

3. Ermənistan Elektrik şəbəkəsi (ENA) vasitəsilə Dağlıq Qarabağı elektrik enerjisi ilə təmin edən Rusiyada təsis edilmiş “Taşir Qrup” biznes-konqlomeratı. Şirkət 2016-cı ilin Aprel müharibəsindən sonra müharibə fəsadlarını aradan qaldırmaq üçün Dağlıq Qarabağ “hakimiyyətinə” 5 milyon dollar köçürüb;

4. Rusiya şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların axtarışı və qanunsuz hasilatında iştirakı (ekspert qiymətləndirilməsinə əsasən, işğal edilmiş ərazilərdə 1250 ton qızıl, 4550 ton gümüş, 1,86 milyon ton mis və digər metal ehtiyatları var);

5. Rusiyanın “Oil Cracking” şirkətinin Dağlıq Qarabağ iqtisadiyyatına yatırdığı 100 min dollardan çox sərmayə…

Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var”