Sosialxəbər.az xəbər verir ki, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri B.Ə. Eyvazov adına Elmi – Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun məsul işçiləri ilə görüşüb.

Görüş SN yanında İctimai Şuranın üzvü, sədr müavini, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri Ziba Nəbiyevanın təşəbbüsü ilə “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” və “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində icra olunan tədbirlərin monitorinqi məqsədilə keçirilib.

Görüşdə İnstitutun direktoru, t.ü.f.d., Dr. Zöhrə Əlimirzəyeva, Səhiyyə Nazirliyinin baş hematoloqu, t.ü.f.d., Dr. Çingiz Əsədov, İnstitutun nəzdindəki Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva, SN yanında İctimai Şuranın üzvü, katibi, t.e.n., həkim-terapevt Taryel Eyvazov və İctimai Şuranın üzvü, “Azərbaycan Diabet Liqasının” sədri, həkim-endokrinoloq Yeganə Sultanova iştirak ediblər.
Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi, donor qanının transmissiv infeksiyalara yoxlanılması metodlarının təkmilləşdirilməsi, həmçinin qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi, pasiyentlərin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi, onların qan komponentlərinə olan tələbatının ödənilməsi istiqamətində görülən işlər geniş müzakirə mövzusu olub.

Müzakirədən sonra İctimai Şura üzvləri Hematologiya və Transfuziologiya İnstitutunun qanın bədxassəli xəstəliklərinin müayinə və diaqnostikası aparılan laboratoriyaları ilə tanış olublar. Qeyd olunub ki, müasir avadanlıq və reaktivlərlə təchiz olunmuş laboratoriyalarda aparılan müayinələrin köməyi ilə xromosom səviyyəsində gedən patoloji dəyişikliklər aşkarlanır və qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası müəyyən edilir. Həmçinin, onkohematoloji xəstəliklərin bir çox növlərinin müalicəsi artıq təkcə kimyaterapiya ilə deyil, elmdə yeni istiqamət olan target, yəni hədəfə molekulyar istiqamətlənmiş preparatlarla aparılır.

Hədəf terapiyası isə şiş hüceyrələrinin özündə olan konkret molekullara qarşı yönəldiyinə görə, orqanizmin sağlam hüceyrələrinə daha az təsir edir. Həmçinin bildirildi ki, Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyata alınmış pasiyentlər dövlət hesabına yüksək keyfiyyətli sitostatik və innovasion dərman preparatları ilə təmin edilirlər. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Daha sonra İnstitutun nəzdində yerləşən Mərkəzi Qan Bankında donorlar üçün yaradılan şərait, maddi-texniki baza və donorların qeydiyyatı, müayinəsi, donorluq məlumatlarının və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılmasını təmin edən “Vahid Qan Bankı” sistemi ilə tanışlıq olub.

Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb. Cari ilin sonunda İctimai Şura tərəfindən monitorinqin nəticələrinə əsasən təklif və tövsiyələr hazırlanıb Səhiyyə Nazirliyinə təqdim olunacaq.