3 oktyabr tarixində Sabunçu rayon Gənclər evində “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü ilə “İcbari tibbi sığorta mexanizmi haqqında məlumatlı ol” adlı tədbir təşkil olundu.

Sosialxəbər.az xəbər verir ki, tədbirdə Sabunçu rayon 22 saylı poliklinikanın tibbi heyəti, Sabunçu rayon Sosial Müdafiə Fondunun əməkdaşları, 11 saylı şəhər poliklinikasının tibbi heyəti, Asudə vaxtın səmərəli təşkili mərkəzinin tibbi təhsil alan tələbələri, Gənclər evinin fəalları və Bakıxanov qəsəbəsi sakinləri iştirak etdilər.

Tədbiri giriş sözləri ilə açan “Sağlamlığa Xidmət” İctimai birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İlkin Səhiyyə xidməti sahəsində fəaliyyət göstərən tibb işçilərinin və ümumi əhalinin İcbari tibbi sığorta mexanizmi haqqında məlumatlılığının artırılması” layihəsinin rəhbəri Pərvanə Vəliyeva 1 yanvar 2020-ci ildən ölkə üzrə tətbiq olunacaq İcbari tibbi sığorta sistemi haqqında məlumat verərək, əhalinin maarifləndirilməsinin bu istiqamətdə məqsədlərə çatmaq üçün çox vacib olduğunu vurğuladı.

Tədbirdə iştirak edən Vərəm əleyhinə QHT Koalisiyası üzvləri və Azərbaycan Qızıl Aypara Cəmiyyəti nümayəndələri icbari tibbi sığortanın üstünlükləri və gələcək perspektivləri haqqında çıxış etmiş, ölkə başçısına əhalinin sağlamlığı naminə aparılan uğurlu islahatlara görə minnətdarlıqlarını bildirmişlər.

“Ailə həkimliyinin və sağlam həyat tərzinin təbliği, o cümlədən vətəndaşların sağlamlığının ağırlaşma halları baş vermədən qorunması üçün profilaktik tədbirlərin aparılması İcbari tibbi sığortanın prioritet istiqamətlərindəndir. Əhalimiz icbari tibbi sığorta sisteminin fəal iştirakçısı olarsa, bu sistem daha qüsursuz və dayanıqlı fəaliyyət göstərəcək. Eyni zamanda sığortaolunanların hüquq və mənafelərini müdafiə edən vətəndaş cəmiyyəti təşkilatları da 1 yanvar tarixindən daha fəal olmalıdırlar. Sığortaolunanlar müvafiq qanunun tələblərinə əsasən, hüquqlarının pozulmasına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və məhkəməyə müraciət edə biləcəklər.” deyə Vəliyeva bildirib.

Tədbir iştirakçıları sığorta haqlarının həcmi, göstəriləcək tibbi xidmətlərin keyfiyyəti barədə təkliflərini bildirdilər və bu sistemin uğurlu şəkildə həyata keçirildiyi Türkiyə dövlətinin təcrübəsindən istifadə olunmasının məqsədəuyğun ola biləcəyini bildirdilər.
Sonda layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx nümayiş olunub.