Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərifi mayın 8-də Moskvaya dəvət edib. Rusiya XİN-dən yayılan məlumatda müzakirə olunacaq mövzular belə sıralanıb: İranın nüvə proqramı, Suriya, Venesuela, Mərkəz Asiya, Şanxay Əməkdaşlıq Təşkilatı, Xəzər və Cənubi Qafqaz.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə rusiyalı həmkarı Sergey Lavrovun görüşünü şərh edərkən qeyd edib.

“Birinci 3 mövzu bəllidir. ABŞ İrana və ondan neft alan ölkələrə qarşı sanksiyaların tətbiqini gücləndirir. Rusiya Amerika sanksiyalarını pisləyir. Rusiya İranla bütün isqtiqamətlərdə əməkdaşlığını davam etdirəcək.

Rusiya ilə İran Suriyada da birgə fəaliyyətlərini davam etdirirlər. Hər iki dövlət əsas məqsədlərinə çatıblar. İllər öncə ağır vəziyyətdə olan Bəşər Əsəd rejimini təhlükələrdən qoruya bildilər. Hazırda həm Moskva, həm də Tehran Əsədin və onun ordusunun gücləndirilməsiylə məşğuldurlar, – politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, Venesuela da ortaq mövzudur. Venesuelanın keçmiş prezidenti Uqo Çaves dövründən başlayaraq həm Rusiya, həm də İran bu ölkə ilə sıx əlaqələr qurublar. Ona görə də həm Moskva, həm də Tehran hazırki Prezident Nikolas Maduronu müdafiə edirlər. Moskva və Tehran anlayırlar ki, Maduro devrilsə, Cənubi Amerikadakı müttəfiqlərini itirəcəklər:

“Bəs Lavrov və Zərif Cənubi Qafqazla bağlı nəyi və nələri müzakirə edəcəklər?

Belə baxanda bu iki dövlətin Cənubi Qafqazda birgə müzakirə edəcəyi yeganə mövzu şimal-cənub nəqliyyat dəhlizi ola bilər. Bu nəqliyyat dəhlizi işlək vəziyyətə salınır və Azərbaycan da bu marşrutun fəaliyyətə başlamasında maraqlıdır. Bundan başqa mövzu varmı?

Dağlıq Qarabağ danışıqları faktiki Rusiyanın inhisarı altındadır. Ona görə də Tehran bu mövzuya qarışmır və Rusiyanın liderliyini qəbul edib.

Rusiya XİN-nin yaydığı müzakirə bəndləri arasında Xəzər də var. Xəzərin statusu həll olunub. Ona görə də əslində bu mövzu hər iki dövlət üçün aktual olmamalıdır. Ancaq hər iki dövlət hələ də dənizə sahili olmayan ölkələrin bölgədə fəallaşa biləcəyindən ehtiyat edir. Halbuki, bunun üçün əsas yoxdur. Çünki Konvensiyada Xəzər dənizinə aiddiyyəti olmayan üçüncü ölkələrin hərbi varlığı qadağan olunur. Ancaq Konvensiyada başqa bənd də var ki, sahil dövlətləri hərbi qüvvələrini məhdud sayda saxlamalıdırlar, hərbiləşməyə yol verməməlidirlər. Ancaq həmin bəndi ilk pozan elə Rusiya oldu, Dağıstanda gücləndirilmiş hərbi baza yaratdı”.