Oktyabrın 3-də “Sosial şəbəkələrdə milli maraqların qorunması” layihəsinin yekun seminarı keçirilib.

Sosialxəbər.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib.

Seminarda çıxış edən, layihə rəhbəri Aynur Nəsirova bildirib ki, milli maraqların qorunması hər zaman aktual mövzudur. Televiziyalarda yayımlanan hər bir veriliş milli maraqlara cavab verməlidir. Bu həm də yazılı mətbuatı, bizim sosial şəbəkələrdə paylaşdığımız məlumatları da əhatə etməlidir. “Azərbaycan qısa müddət ərzində bir çox nailiyyətlərə imza atıb. İrimiqyaslı iqtisadi layihələr, regional və beynəlxalq səviyyəli idman yarışları, konfranslar, görüşlər ölkəmizin mövqeyini, həyata keçirdiyi uğurlu siyasəti nümayiş etdirir. Bütün bu tədbirlər zamanı bəzi şəxslər tərəfindən “ictimai rəy” formalaşdırmaq, görülən işləri gözdən salmaq üçün fəaliyyət göstərir. Bu zaman hər bir Azərbaycan vətəndaşı vətəndaşlıq mövqeyi göstərməli və ölkənin maraqlarını müdafiə etməlidir.

Maraqların müdafiəsi həqiqətlərin ortaya çıxarılması, saxta informasiyanın yayılmasının qarşısının alınmasından ibarətdir. Bu hər bir kəsin vətəndaşlıq mövqeyidir”, – deyə layihə rəhbəri bildirib. Eyni zamanda qeyd edilib ki, informasiya mübarizəsində qalib gəlmək, obyektivliyi qoruyub saxlamaq üçün KİV yayılan informasiyanın dəqiqliyindən əmin olmalıdır. Məlumat bir neçə mənbədən yoxlanılmaqla yanaşı, milli maraqlara uyğun olub-olmadığına da diqqət edilməlidir.

Daha sonra Jurnalistika fakültəsinin tədris studiyasının müdiri Ramin Rzayev çıxış edib. Qeyd edilib ki, hər hansı bir məlumatın yayımlanması zamanı kifayət qədər diqqətli olmaq lazımdır. Müşahidələr göstərir ki, informasiya mübarizəsində üstün olan dövlət uğur qazanır. “Azərbaycanın işğala məruz qaldığını və ərazilərinin işğal olunduğunu göz önündə tutaraq milli maraqların qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini demək mümkündür. Azərbaycan dövlətinin milli maraqları sırasında ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi də var. Bu səbəbdən sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri mütəmadi olaraq xalqımıza qarşı törədilmiş soyqrımı, vandalizm haqqında məlumat paylaşmaqla həm maraqlarımızı təmin edər, həm də informasiya mübarizəsində üstünlük qazanar.” Bundan sonra daha öncə keçirilmiş seminarlarda səsləndirilən fikir və təkliflər müzakirə olunub. Jurnalistika fakülətsinin tələbələri çıxış edib, onların sualları cavablandırılıb.