Bu gün Abşeron rayon Ceyranbatan qəsəbəsi 1saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin hazırladığı “SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib. Azərbaycanın ərazi bötüvlüyü və suverenliyi uğrunda bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sosialxəbər.az xəbər verir ki, mərasimdə çıxış edən “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova bildirib ki, müəllim və şagirdlərə təqdim olunan “SOYQIRIMI” sənədli filmi yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Filmdə yalnız arxiv sənədlərdən, 1918-1919-cu illərdə Fövqəladə İstintaq Komissiyasına danışmış 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin ifadələrindən istifadə olunub. Onun sözlərinə görə, bu məqam filmin hansısa subyektiv fikirlərə əsaslanması haqqında müxtəlif mülahizələr irəli sürülməsinin qarşısını qabaqcadan alır. “Sənədli filmdə səslənən faktları heç bir ölkə, beynəlxalq təşkilat və ya sosial qrup inkar edə bilməz. Bütün alimlərin, o cümlədən erməni tarixçilərinin, bu faktları qəbul etməkdən başqa çıxış yolu yoxdur, çünki bunları tarixi həqiqəti əks etdirən arxivlər söyləyir”. Büllur Məmmədova “SOYQIRIMI” sənədli filminin 24 aprel tarixində nümayiş etdirilməsini də təsadüfi hadisə olmadığını bildirdi.

O dedi ki, Ermənistan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbiləri məhz 24 apreldə guya 1915-ci ildə Osmanlı Türkiyənin etnik ermənilərə qarşı həyata keçirdiyi qondarma “soyqırımı”nın növbəti ildönümünü qeyd edirlər. Bu iddiaların yalan və uydurulmuş mülahizələrə söykəndiyini vurğulayan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri qeyd edib ki, gənc nəsil Azərbaycan tarixinin bütün səhifələrini, o cümlədən 1918-ci il soyqırımı ilə bağlı bütün təfərrüatları mükəmməl öyrənməlidirlər.
“SOYQIRIMI” sənədli filminə baxış keçirildi.

Daha sonra Ceyranbatan qəsəbəsi 1saylı tam orta məktəbin tarix müəllimi İmaməli Quliyev şagirdlərə 1918-20-ci illərdə erməni daşnaklarının dinc azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, 20 dəqiqə ərzində 1918-ci ilin mart-aprel aylarında daşnakların yalnız Şamaxı qəzasında törətdikləri vəhşiliklərin bir hissəsinə toxunulub, həmin dövrdə isə azərbaycanlılara qarşı soyqırımı cinayəti Bakı, Quba, Salyan, Neftçala, Lənkəran, Qarabağ, Zəngəzur və Naxçıvanda həyata keçirilirdi. İmaməli Quliyev onu da vurğuladı ki, keçmiş sovet illəri dövründə bu faktlar, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, onun süqut etməsi səbəbləri, erməni mənfurlarının Azərbaycanla bağlı digər məkrli planları haqqında, ümumiyyətlə, məlumat verilmirdi, bunlar gizlədilirdi. İndi isə vəziyyət kökündən fərqlidir. Onun sözlərinə görə, bu gün Azərbaycanın müstəqil, güclü dövlət olması, təhsil sahəsində həyata keçirilən ciddi islahatlar şagirdlərin hərtərəfli bilik qazanmalarına və inkişaf etmələrinə şərait yaradır.
Bununla da tədbir başa çatdı.