Sosialxəbər.az xəbər verir ki, 25 oktyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirildi.

Konfransda layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunan təklif və tövsiyyələr paketi ictimaiyyətin diqqətinə çatdırıldı.

Layihənin eksperti Samirə Muxtarova görülmüş işlər barədə məlumat verərək, təşkilatın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Layihə rəhbəri Pərvanə Vəliyeva İcbari tibbi sığorta sisteminin üstünlükləri barədə təqdimat çıxış etdi. İctimai birliyin sədri Elçin Muxtarlı tədbirlərin təşkilinə böyük dəstək göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri Ziba Nəbiyeva, Cəsarət Hüseynzadə, Çingiz Ramazanalıya, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının katibi Aytən Hüseynovaya minnətdarlığını bildirdi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə sisteminin inkişafı departamentinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin məsləhətçisi Aynurə Rəşidova və Agentliyin mürəxəssislərindən Elçin Tarverdiyev tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirdilər. Mütəxəssislər Agentliyin Avropa İttifaqı ilə pilot ərazilərdə həyata keçirdiyi “Tvinninq layihəsi”, ana südü ilə qidalanmaya və körpə inkişafına dəstək olaraq yaradılmış “Analar klubu”nun fəaliyyəti haqqında məlumat verdilər. Tədbir müzakirələrlə davam etdi.
Pərvanə Vəliyevanın sözlərinə görə, “layihə çərçivəsində 8 tədbir və ictimai müzakirə keçirilmiş, tədbirlər nəticəsində 320 nəfər insan maarifləndirilmişdir. Regionlarda, eyni zamanda səyyar maarifləndirmə aksiyaları da keçirən QHT ictimai məkanlarda əhalinin icbari tibbi sığortaya münasibətini öyrənmişdir. Layihənin nəticəsi olaraq, 15 sualdan ibarət “Ən çox verilən suallar” toplusu hazırlanmış və Agentlik tərəfindən bütün suallar rəsmi şəkildə cavablandırılmışdır. Bundan başqa, təşkilatımız tərəfindən əhalinin fikirləri əsasında, İTS sistemi haqqında təkliflər paketi hazırlanmış və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur. Agentlik rəsmisi təkliflərin nəzərə alınacağını bildirmişdir”.

Sonda Agentlik əməkdaşları “Sağlamlığa Xidmət” İctimai birliyinə layihənin uğurlu fəaliyyətinə görə dərin təşəkkürünü bildirmişdir.
Agentliyin İdarə heyətinin sədr müavini Nigar Bayramova isə təşkilata göndərdiyi rəsmi məktubla “Paytaxt Bakıda, Azərbaycanın bir sıra regionlarında icbari tibbi sığorta sistemi barədə əhalinin müxtəlif qruplarının maarifləndirilməsi istiqamətində Agentliyə dəstək olunduğu üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına Və “Sağlamlığa Xidmət” İctimai birliyinin sədri Elçin Muxtarlıya və layihənin rəhbəri Pərvanə Vəliyevaya dərin təşəkkürünü ifadə etmişdir.