Sosialxəbər.az xəbər verir ki, 17 oktyabr tarixində Ümumdünya Səhiyyə Təşkilatının “Birgə Vərəm, İİV və Viral Hepatitlər” Proqramı üzrə tibbi eksperti Dr. Antons Mozalevskis “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, sədr müavini Ziba Nəbiyeva ilə görüşüb.

Bu görüş Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin təşkilatçılığı ilə viruslu hepatit üzrə missiyanın 16-18 oktyabr tarixində ölkəyə səfəri çərçivəsində baş tutub. Səfərin məqsədi viruslu hepatitin kökünün kəsilməsi üçün dayanıqlı yanaşma yaratmaqda ölkəyə dəstək göstərməkdir.

Görüşdə viruslu hepatitlər, ölkədə bu xəstəliklə mübarizədə həyata keçirilən tədbirlər, vətəndaş cəmiyyəti təşəbbüslərinin bu prosesdə rolu, hazırkı vəziyyət və gələcək perspektivdə gözləntilər müzakirə mövzusu olub.

Həmçinin, Ziba Nəbiyeva sədrlik etdiyi təşkilatın bu sahədə apardığı ictimai vəkillik fəaliyyətləri, keçirdikləri geniş maarifləndirmə tədbirləri və digər təşəbbüsləri barədə də ətraflı məlumat verib.

18 oktyabrda isə təşkilat sədri səfər çərçivəsində təşkil olunmuş müvafiq dövlət qurum nümayəndələrinin iştirakçılığı ilə keçən dəyirmi masada iştirak edib. Tədbirdə, dünyada və Azərbaycanda viruslu hepatitlərə dair məlumatlar, statistik göstəricilər və yeniliklər təqdim olunub, həmçinin görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
“İDQT” İB-nın sədri Ziba Nəbiyeva ÜST-ün ölkə ofisinin rəhbərliyinə viruslu hepatitlərlə daha səmərəli mübarizə aparılması istiqamətində göstərdiyi təşəbbüslərinə görə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, vüsət almış viruslu hepatit xəstəliklərinə cavab tədbiri olaraq 2016 ildə Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında “Viruslu hepatitlər üzrə qlobal strategiya” adlı fəaliyyət planı qəbul olunub. Bu planın əsas məqsədi 2030-cu ilə qədər viruslu hepatitin kökünün kəsilməsinə nail olmaqdır.